Home Rəsmi xronika Azərbaycanda yeni dövlət proqramı təsdiqləndi

Azərbaycanda yeni dövlət proqramı təsdiqləndi

190
0
SHARE

 

Azərbaycan Prezidenti İlham Əliyev “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

MEDİAKTİV.AZ dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, imzalanmış sərəncamda rəqəmsal transformasiya və texnoloji innovasiyaların bir çox maliyyə xidmətinə sürətli, asan və effektiv çıxış əldə etməyə imkan verdiyi qeyd olunur.

“2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.

Bu məqsədlə ölkədə rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması yolu ilə həmin xidmətlərin çeşidinin, keyfiyyətinin və tətbiq dairəsinin genişləndirilməsi, habelə onlardan istifadənin kütləviləşdirilməsi başlıca strateji prioritetlərdir.

Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcəkdir”, – deyə, sənəddə qeyd olunur.

Bildirilir ki, bu Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası və müəyyən olunmuş icra göstəricilərinə nail olmaq məqsədilə hazırlanıb.

Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirməsi Mərkəzi Banka tapşırılıb.

Bundan başqa, AMB Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verəcək.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsinə isə Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here