Home Texnologiya Dünyanın ən ağıllı robotu Azərbaycana gələcək

Dünyanın ən ağıllı robotu Azərbaycana gələcək

182
0
SHARE

Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək.

“İnnovasiyalar həftəsi” oktyabrın 26-30-da baş tutacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, həmçinin dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Rəşad Əzizov bildirib ki, “İnnovasiyalar həftəsi”nin ən maraqlı tədbirlərindən biri “Qlobal İnfluenser Günü” olacaq:

“Oktyabrın 26-da Heydər Əliyev Mərkəzində keçiriləcək “Qlobal İnfluenser Günü” çərçivəsində ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot “Sofiya” Azərbaycana gələcək. Eyni zamanda, “İnnovasiya həftəsi” çərçivəsində nazirliyin, eləcə də, bir sıra dövlət qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı “Hackathon” keçiriləcək.

Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub”.

“İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyilə silsilə tədbirlər təşkil olunacaq.

“İnnovasiyalar həftəsi”ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.

Turnirin məqsədi kiber idmanın ölkəmizdə inkişafını təşviq etmək, gənclərin müasir informasiya-kommunikasiya texnologiyalarına və kompüter texnikasına marağını artırmaqdır. Həmçinin döyüş və futbol üzrə kompüter oyunları da təşkil ediləcək.

Tədbirdə bildirilib ki, Azərbaycanda keçiriləcək tədbirdə 1000-dən çox adam iştirak edəcək.
Robot “Sofiya” Azərbaycanın milli geyimi ilə çıxış edəcək.

Qeyd edilib ki, “Sofiya”nın hər kəsi Azərbaycan dilində salamlaması da mümkündür.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here